Məhdəviyyət mövzuları (58) | Həzrət Məhdinin (ə.f) zühurundan əvvəl baş verəcək qiyamlar

Hövzə | Bəzi rəvayətlərə istinad edərək belə güman etmişlər ki, İmam Zamanın (ə.f) zühurundan əvvəl zalım hakimlərə qarşı istənilən hərəkət və qiyam qadağandır. Buna görə də onlar ədalət tələb edən hər bir çağırışa qarşı çıxmış, belə hərəkatları tağut hərəkatları adlandırmışlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” silsiləvi məhdəviyyət mövzuları, İmam Zamanla (ə.f) bağlı elm və maarifi yaymaq məqsədilə siz dəyərli və ziyalı oxuculara təqdim olunur.

Məhdəviyyət sahəsində daim müzakirə və fikir ayrılığı doğuran məsələlərdən biri qeyb dövründə və həzrət Məhdinin (ə.f) böyük qiyamından əvvəlki mərhələdə mövcud olan qiyamların və hökumətlərin hökmüdür. Bəzi alimlər müxtəlif rəvayətlərə istinad edərək belə qənaətə gəliblər ki, İmam Zamanın (ə.f) zühurundan əvvəl zalım hakimlərə qarşı istənilən mübarizə və qiyam qadağandır. Məhz buna görə də onlar hər cür ədalət çağırışına qarşı çıxaraq bu cür mübarizələri tağut adlandırıblar.

Bu yazıda zühurdan əvvəl baş verən qiyamlarla bağlı rəvayətlərə qısa şəkildə nəzər salacağıq.

Zühurdan əvvəl baş vermiş qiyamların tağut hesab edilməsi

Bu mövzuda nəql olunan bəzi rəvayətlər ümumi şəkildə həzrət İmam Məhdinin (ə.f) qiyamından əvvəl baş verən hər bir üsyanı və qaldırılan hər bir bayrağı məzəmmət edir, həmin hərəkatların rəhbərlərini isə tağut və ya müşrik kimi təqdim edir. Bu mövzuda yalnız iki rəvayətə işarə edirik.

İmam Sadiq (ə) buyurub:

«کُلُّ رایَةٍ تُرْفَعُ قَبْلَ قِیامِ القائِمِ فَصاحِبُها طاغُوتٌ یُعْبَدُ مِنْ دُونِ اللّهِ عَزَّوَجَلَّ.» (کافی، ج ۸، ص ۲۹۵)

İmam Zamanın (ə.f) qiyamından əvvəl qaldırılan hər bir bayrağın rəhbəri, uca və əzəmətli Allahın yerinə ibadət olunan bir tağutdur.
(Kafi, c.8, səh.295)

İmam Baqir (ə) buyurub:

«کُلُّ رایَةٍ تُرْفَعُ قَبْلَ رایة القائِمِ صاحِبُها طاغُوتٌ.» (النعمانی، الغیبة، ص. ۱۱۴)

İmam Zamanın (ə.f) qiyamından əvvəl qaldırılan hər bir bayrağın rəhbəri, uca və əzəmətli Allahın yerinə ibadət olunan bir tağutdur.

(Ən-numani, Əl-qeybət, səh. 114)

Bu rəvayətlərin sənədi ilə bağlı irəli sürülən iradlardan əlavə, tədqiqatçılardan biri həmin rəvayətin məzmununu təhlil edərək yazır ki, dəvət iki növə ayrılır:

1. Haqqa dəvət: İnsanları haqqın bərqərar edilməsinə və hakimiyyətin idarəsinin Əhli-beytin (ə) özünə qaytarılmasına çağırmaqdır. Belə bir dəvət məsum imamlar (ə) tərəfindən təsdiqlənmiş və dəstəklənmişdir.

2. Batilə dəvət: İnsanları özünü ön plana çıxarmağa və şəxsi məqsədlərə xidmət etməyə çağırmaqdır. “Kullu rayət” ifadəsində məqsəd də məhz elə batilə dəvətdir. Yəni burada nəzərdə tutulan, Əhli-beytin (ə) dəvəti ilə eyni xətt üzrə hərəkət edən deyil, onun qarşısında və ona rəqib kimi ortaya çıxan çağırışlardır. Buna görə də Əhli-beytin (ə) hərəminin müdafiəsi və insanları onlara tərəf dəvət etmək əsasında formalaşan qiyamlar ümumilikdə bu rəvayətin əhatə dairəsinə daxil olmur.

Bununla yanaşı, belə bir etiraz irəli sürülə bilər ki, bu hədis İmam Zamanın (ə.f) qiyamından əvvəl baş verən bütün qiyamların batil olduğuna dəlalət edir. Başqa sözlə, batilliyin meyarı dəvətin şəxsi məqsədlərə yönəlməsi və ya məsum imamların (ə) hərəkatına qarşı olması deyil. Əsas meyar həmin qiyamın həzrət Məhdinin (ə.f) qiyamından əvvəl baş verməsidir. İstər haqqa dəvət olsun, istərsə də batilə.

Bu irada cavab olaraq deyilir:

Birincisi, böyük ehtimalla bu rəvayətlər müəyyən tarixi qiyamlara aiddir və üsul elmində ifadə olunduğu kimi, “xarici hadisəyə aid hökm” xarakteri daşıyır. Buna görə də onların bütün qiyamlara şamil edilməsi düzgün deyildir. Haqq və batilin əsas meyarı insanların doğru yola və ilahi hidayətə dəvət edilməsidir.

İkincisi, məsum imamlardan (ə) nəql olunan çoxsaylı rəvayətlərdə İmam Zamanın (ə.f) zühurundan əvvəl baş verəcək bəzi qiyamlar açıq şəkildə təsdiqlənmiş, hətta insanların onlara qoşulması təşviq edilmişdir. Bu qəbildən olan nümunələrdən biri də Yəmani bayrağıdır. (Nəcməddin Təbəsi, Ta zühur, c. 1, s. 78)

İmam Xomeyni (r) qeyd olunan rəvayətlərə istinad edərək bu hədisləri bəhanəyə çevirən şəxslərə cavabında buyurur:

Bu hədislərin ilahi və ədalətli bir hökumətin qurulması ilə (hansı ki, hər bir ağıl sahibi onun zəruriliyini qəbul edir) heç bir əlaqəsi yoxdur. Birinci rəvayət barədə iki ehtimal mövcuddur. Birinci ehtimal budur ki, bu rəvayət İmam Zamanın (ə.f) zühuru ilə bağlı xəbərlərə və zühur əlamətlərinə aiddir və bildirmək istəyir ki, İmam Zamanın (ə.f) qiyamından əvvəl imamət iddiası ilə qaldırılan bayraqlar batildir. İkinci ehtimal isə budur ki, bu, zühura qədər dünyada formalaşacaq hökumətlərlə bağlı bir növ xəbər və öncədən verilmiş məlumat xarakteri daşıyır. Yəni həmin hökumətlərin heç biri öz vəzifəsini tam şəkildə yerinə yetirə bilməyəcəkdir. İndiyədək də vəziyyət belə olmuşdur...» (Kəşfül-əsrar, səh. 225)

İmam Xomeyni (r) başqa bir yerdə isə belə buyurur:

Həmin rəvayətlərdə nəzərdə tutulan budur ki, hər kəs bayraq qaldırıb özünü İmam Zaman (ə.f) hesab edərsə, həmin bayraq batildir.» (Səhifeyi-imam, c. 21, səh. 14)

Zühurdan əvvəl baş vermiş qiyamların məğlubiyyəti

Həzrət Məhdinin (ə.f) qiyamından əvvəl baş verəcək qiyamların uğursuzluqla nəticələnəcəyini bildirən bir sıra rəvayətlər mövcuddur. Bu rəvayətlərə istinad edən bəzi şəxslər belə iddia etmişlər ki, İslam hökumətinin qurulması istiqamətində aparılan fəaliyyətlər şəri baxımdan legitim hesab edilə bilməz. Onların fikrincə, nəticəsiz qalacağı əvvəlcədən məlum olan bir qiyam həm məntiq, həm də ağıl sahibləri tərəfindən məqbul sayılmır.

İmam Səccadd (ə) bu barədə belə buyurmuşdur:

«وَاللَّهِ لایَخْرُجُ واحِدٌ مِنَّا قَبْلَ خُرُوجِ القائِمِ علیه‌السلام اِلاّ کانَ مَثَلُهُ مَثَلَ فَرْخٍ طارَ مِنْ وَکْرِهِ قَبْلَ اَنْ یَسْتَوِی جَناحاهُ فَاَخَذَهُ الصِّبْیانُ فَعَبَثُوا بِهِ.» (Kafi, c. 8, s. 264)

“Allaha and olsun! Bizdən heç kəs İmam Zamanın (ə.f) qiyamından əvvəl qiyam etməz ki, onun misalı qanadları tam möhkəmlənməmiş halda yuvasından uçan bir quş balasının misalı kimi olmasın. Nəticədə uşaqlar onu tutar və onunla oynayarlar.”

Bu rəvayətə əsaslanaraq belə bir nəticə çıxarılmışdır ki, İslam hökumətinin qurulması məqsədilə həyata keçirilən qiyamlar nəinki uğur qazanmayacaq, hətta Əhli-beytin (ə) daha çox çətinlik və müsibətlərlə üzləşməsinə səbəb olacaqdır. Buna görə də həzrət Məhdinin (ə.f) zühuruna qədər İslam hökumətinin qurulması ideyasından əl çəkmək lazımdır.

Lakin sənəd baxımından bu rəvayətə yönəlmiş iradlardan əlavə, onun məzmununa istinad edilməsinin də bir neçə əsaslı problemi mövcuddur.

Birinci cəhət

Bu rəvayət qiyamın prinsip etibarilə caiz olmadığını sübut etmək məqsədi daşımır. Rəvayətin zahiri mənası yalnız müəyyən qiyamların qələbə ilə nəticələnməyəcəyini ifadə edir. Əgər bu hədisin qiyamın şəri baxımdan yolverilməz olduğunu bildirdiyini qəbul etsək, onda İmam Hüseynin (ə) Yezidə qarşı qiyamını, eləcə də Zeyd ibn Əlinin və Hüseyn ibn Əlinin (Şəhid Fəx) qiyamlarını da məhkum etməli olarıq. Halbuki bu qiyamların məsum imamlar (ə) tərəfindən təsdiqləndiyi heç bir şübhə doğurmur.

İmam Sadiq (ə) şəhid Zeyd haqqında belə buyurur:

«وَ لَا تَقُولُوا خَرَجَ زَیْدٌ فَإِنَّ زَیْداً کَانَ عَالِماً وَ کَانَ صَدُوقاً وَ لَمْ یَدْعُکُمْ إِلَی نَفْسِهِ إِنَّمَا دَعَاکُمْ إِلَی الرِّضَا مِنْ آلِ مُحَمَّدٍ علیهم السلام وَ لَوْ ظَهَرَ لَوَفَی بِمَا دَعَاکُمْ إِلَیْهِ إِنَّمَا خَرَجَ إِلَی سُلْطَانٍ مُجْتَمِعٍ لِیَنْقُضَه.» (الکافی, ج. 8, ص. 264)

Zeydin qiyamını qınamayın. Həqiqətən, Zeyd alim və doğru danışan bir şəxs idi. O sizi özünə tərəf çağırmırdı. Əksinə, sizi Peyğəmbər (ə) ailəsinin razılığına və onların yoluna dəvət edirdi. Əgər qələbə qazansaydı, sizə verdiyi vədə sadiq qalardı. O, möhkəmlənmiş bir hakimiyyətə qarşı qiyam etmiş və onun dayaqlarını sarsıtmaq məqsədi güdmüşdü.

İkinci cəhət

Bir qiyamın zahiri baxımdan qələbə qazanmaması onun vacib bir vəzifə olmadığını göstərmir. Tarixdə bunun aydın nümunələrindən biri Siffeyn döyüşüdür.

Nəql olunur ki, Siffeyn müharibəsi zamanı Müaviyənin öldürüldüyü xəbəri yayıldı və bu xəbər insanların sevincinə səbəb oldu. Lakin İmam Əli (ə) onların sevincinə cavab olaraq buyurdu:

“Canım qüdrət əlində olan Allaha and olsun ki, insanlar Müaviyənin ətrafında birləşməyincə o həlak olmayacaqdır.”

Həzrətdən soruşdular:

“Əgər belədirsə, bəs nə üçün onunla döyüşürsünüz?”

«اَلْتَمِسُ العُذْرَ بَینی وَ بَیْنَ اللَّهِ.»؛ (ابن شهر آشوب، المناقب، ج ۲، ص ۲۵۹)

“Mən Allah qarşısında üzrlü olmaq istəyirəm.” (İbn Şəhr Aşub, Əl-Mənaqib, c. 2, s. 259)

Bu və buna bənzər rəvayətlər göstərir ki, müsəlmanın əsas vəzifəsi ilahi məsuliyyətini yerinə yetirməkdir. O, öz vəzifəsini icra edərkən nəticənin mütləq şəkildə istədiyi kimi olacağını gözləməməlidir. Əsas meyar ilahi vəzifəyə əməl etməkdir, nəticə isə Allahın hikmət və iradəsinə bağlıdır.

Üçüncü cəhət

Bəzi rəvayətlərdə İmam Zamanın (ə.f) qiyamından əvvəl baş verəcək və həzrət Məhdinin (ə.f) qüdrətli hökumətinə zəmin hazırlayacaq qiyamlar barədə müjdə verilmişdir. Şübhəsiz ki, bu qiyamların zəminyaradıcı rolundan danışılması onların müəyyən dərəcədə uğurlu və təsirli olmasını göstərir. Bundan əlavə, cəmiyyətin zühura hazırlanması və insanların ilahi hakimiyyətə doğru istiqamətləndirilməsi özü həmin hərəkatların ən böyük nailiyyətlərindən biridir.

Bu qiyamların ən aydın nümunələrindən biri Yəmaninin qiyamıdır. Çoxsaylı rəvayətlərdə onun bayrağı ən hidayətverici və haqq yola ən çox istiqamətləndirən bayraq kimi təqdim edilmişdir.

Dördüncü cəhət

Əgər bu rəvayətlərin məqsədi zülm və fəsadla mübarizəni, yaxud hər cür qiyam və islah hərəkatını qadağan etmək olsaydı, bu, Qurani-Kərimin cihad ayələri, yaxşılığa dəvət pislikdən çəkindirmək (əmr be məruf və nəhy əz münkər) prinsipi, həmçinin məsum imamların (ə) həyat yolu və əməli davranışı ilə açıq şəkildə ziddiyyət təşkil edərdi.

Sükut və evdə oturmaq

Bəzi rəvayətlər zahirdə insanları sükuta, sakitliyə və hərəkətsizliyə çağırır, zühur əlamətləri gerçəkləşənədək hər hansı qiyam və mübarizədə iştirak etməməyə təşviq edir.

Məsələn, İmam Sadiq (ə) Sədirə belə buyurur:

«یا سَدیرُ اِلْزَمْ بَیْتَکَ وکُنْ حِلْساً مِن اَحْلاسِهِ وَاسْکُنْ ما سَکَنَ اللَّیْلُ وَالنَّهارُ فَاِذا بَلَغَکَ اَنَّ السُّفْیانِیَّ قَدْ خَرَجَ فَارْحَلْ اِلَیْنا وَلَوْ عَلی رِجْلِکَ.» (الکافی, ج. 8, ص. 264)

“Ey Sədir! Evində qal, öz işinlə məşğul ol və gecə-gündüz sakit olduğu müddətdə sən də sakit qal. Lakin Sufyaninin çıxışı barədə xəbər sənə çatdıqda, piyada olsa belə, biz tərəfə üz tut.”

Bəzi şəxslər bu rəvayətin hökmünün yalnız Sədirə aid olmadığını irəli sürərək iddia etmişlər ki, Süfyaninin gəlişinə qədər bütün insanlar sükut etməli, hər cür qiyamdan, ictimai-siyasi fəaliyyətdən və mübarizədən uzaq durmalıdırlar.

Lakin bu baxışın doğru olduğunu qəbul etmək mümkün deyil. Çünki belə bir hökmü bütün insanlara və bütün zamanlara aid etmək üçün qəti dəlil mövcud olmalıdır. Başqa sözlə, sübut edilməlidir ki, İmamın (ə) bu göstərişi xüsusi şəxsə, xüsusi şəraitə və ya konkret tarixi vəziyyətə aid deyildir.

Buna görə də hətta bu hədislərin bəzisinin sənəd baxımından mötəbər olduğunu qəbul etsək belə, onların heç biri qeybət dövründə qiyamın və ya İslam hökumətinin legitimliyini sual altına almır. Əksinə, bu qəbildən olan rəvayətlər zəruri şərtlərdən məhrum olan, yaxud nəfsi istəklər, şəxsi maraqlar və qeyri-ilahi məqsədlər əsasında formalaşan qiyamları qadağan edir və onları batil hesab edir.

Deməli, əgər bir qiyam şəriətin müəyyən etdiyi prinsiplər əsasında, adil rəhbərin (fəqihin) nəzarəti altında həyata keçirilərsə və onun məqsədləri də ilahi hökmlərə uyğun olarsa, belə bir hərəkat həzrət Məhdinin (ə.f) qiyamına zəmin yaradan amillərdən biri hesab edilə bilər. Belə bir fəaliyyət nəinki qadağan edilmir, əksinə, bəzi hallarda onun həyata keçirilməsi dini baxımdan vacib vəzifə kimi qiymətləndirilir.

Bu mövzuların ardı var …

Mənbə: “Dərsnamei-məhdəviyyət” kitabından müəyyən dəyişiklərlə

Müəllif: Xudamurad Səlimiyan 


---

Bu hədisdə İmam Əli (ə) əslində gələcəkdə baş verəcək hadisələrdən xəbər verir. Həzrət öz səhabələrinə bildirir ki, Müaviyə həmin döyüşdə öldürülməyəcək, əksinə, sonrakı dövrdə hakimiyyətə yiyələnəcəkdir. Bu səbəbdən səhabələr təəccüblə soruşurlar: “Əgər onun sağ qalacağını və hakimiyyəti ələ keçirəcəyini bilirsinizsə, bəs onunla döyüşməyin nə mənası var?”

İmam (ə) cavabında mühüm bir prinsipə diqqət çəkir: İnsanın vəzifəsi nəticəni təmin etmək deyil, haqqın tərəfində dayanmaq və ilahi məsuliyyətini yerinə yetirməkdir. Gələcəkdə hansı hadisələrin baş verməsindən asılı olmayaraq, mömin öz vəzifəsinə əməl etməli və haqq yoldan dönməməlidir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha